Xocalı soyqrımı faciəsinin 26-cı ildönümü qeyd edildi
Fevralın 26-da Şirvan regional ədliyyə idarəsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan idarənin rəisi Nizami Hüseynov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etdi, Azərbaycan - Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə danışaraq Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın doğma yurdlarından didərgin düşdüyünü qeyd etdi və Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğını tarixdə misli bərabəri olmayan faciə adlandıraraq bu qətliamın bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğunu bildirdi. Qeyd etdi ki, ümumiyyətlə ermənilər tarix boyu “Böyük Ermənistan” yaratmaq xülyası ilə torpağımızı dəfələrlə etnik təmizləmə, soyqırımı siyasətinə məruz qoyublar. XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımında 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz.
Tədbirdə Şirvan şəhəri üzrə probasiya və icra şöbəsinin rəisi Yasin Ədilov cıxış edərək nitqində, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri sırasında baş vermiş Xocalı faciəsi, onların ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Tarix heç nəyi unutmur.